55°40′47″ şm. e. 12°34′21″ ş. u.HGYO

Kopenhagen Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kopenhagen Universiteti
Københavns Universitet
Loqonun şəkli
Xəritə
55°40′47″ şm. e. 12°34′21″ ş. u.HGYO
Əsası qoyulub 1479
Tip Dövlət
Tələbə sayı 38010
Şəhər Kopenhagen şəhəri
Ölkə
Sayt ku.dk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kopenhagen Universiteti (dan. Københavns Universitet) — Danimarkada, Kopenhagen şəhərində yerləşən və ölkənin ən böyük ali təhsil müəssisəsi. Avropanın aparıcı elmi tədqiqat mərkəzlərindən biri olan Kopenhagen Universitetində dərslər Danimarka, ingilis və alman dillərində keçilir. Kopenhagen Universiteti Danimarka Krallığının fəxri hesab olunur.

Tarixi

Danimarkanın ən qədim ali təhsil ocağı olan Kopenhagen Universiteti 1479-cu il iyunun 1-də Kral I Xristian Roma papası IV Sikstin razılığını aldıqdan sonra yaradılmışdır. 1536-cı ildə Lund şəhərində yerləşən Studium Generale bağlandıqdan sonra 1920-ci illərin sonunda Orhus Universiteti yaradılana qədər Kopenhagen Universiteti Danimarkada yeganə ali məktəb olmuşdur. Universitet Universal Roma katolik kilsəsinin bir hissəsi olaraq ilahiyyat, hüquq, tibb və fəlsəfə tədris edir. Ali məktəb Lüteran Reformasiyasından sonra 1537-ci ildə bərpa edilir və yevangelist-Lüteran seminariyasına çevrilir. 1675-1788-ci illər arasında universitetdə dərəcə imtahanı tətbiq edilir. 1788-ci ildə qəbul edilmiş nizamnamədən sonra bu ali məktəb tədricən klassik Avropa universitetindən müasir elmi tədqiqat mərkəzinə çevrilməyə başlayır.

1801-ci ildə admiral Horatio Nelsonun komandanlığı altında Britaniya donanması Kopenhagen şəhərini bombardman edir, Kopenhagen Universitetinin binaları da dağıntıya məruz qalır. Buna baxmayaraq, 1836-cı ildə yeni quruculuq işləri getdiyi vaxtda universitetin yeni binası istifadəyə verilir. Bu dövrdə universitet kitabxanası, Zoologiya, Geologiya muzeyləri, botanika bağı və oranjereya yaradılır. İlk qız tələbə universitetə 1877-ci ildə qəbul olunur.

1993-cü ildə Kopenhagen Universitetinin hüquq fakültəsi sosial elmlər fakültəsindən ayrılır, 1994-cü ildə ekologiya, biotexnologiya fakültələri açılır, tələbə və müəllimlərin sayı sürətlə artır. 1479-cu ildən 2004-cü ilədək universitet rektor və Konsistoriya (kilsə şurası) tərəfindən idarə olunur. 2004-2005-ci illərdə Konsistoriya İdarəçilər Şurası ilə əvəz olunur. 2005-ci ildə Kopenhagen Universitetinin Sağlamlıq və Cəmiyyət Mərkəzi, Səhiyyə İnstitutu açılır.

2006-cı ilin mayından universitet 500-dən artıq yaşı olan qədim binalarını tərk etmək qərarına gəlir. Məqsəd daha keyfiyyətli tədris şəraiti və müasir təhsil mühiti yaratmaq üçün universitetin departament və fakültələrinin əksəriyyətini üç böyük kampusda cəmləməkdən ibarət olur. Kampusdakı departamentlər fənlərdən asılı olaraq yerləşdirilir, məsələn, Siyasi elmlər və Sosiologiya departamentləri bir-birlərinə yaxın ərazidə salınıb.

2007-ci ildə Kral Baytarlıq və Kənd Təsərrüfatı Universiteti ilə Danimarka Əczaçılıq Elmləri Universiteti Kopenhagen Universitetinə birləşdirilir. Həmin universitetlər hazırda Kopenhagen Universitetinin dəqiq elmlər və əczaçılıq fakültələri kimi fəaliyyət göstərir.

Yataqxanaları

Kopenhagen Universiteti yataqxanaları yetərincə tələbə yerləşdirməyə malikdir, lakin tələbə sayı çox olduğundan əcnəbi tələbələr burada otaq tapmağa çətinlik çəkir. Yataqxanada otaq tutmaq üçün tələbə dərslər başlanmazdan 2-3 ay əvvəl universitetə müraciət etməlidir. Otaqların qiyməti şəraitindən asılı olaraq ayda 2500-4500 kron arasında dəyişir. Tələbələr şəxsi evlərdə ayda 2600-4000 kron ödəməklə kirayə otaq tuta bilərlər.

Müasir vəziyyəti

Kopenhagen Universiteti Kopenhagen şəhərinin mərkəzi hissəsində yerləşir və 4 kampusdan ibarətdir:

  • Şimal;
  • Cənub;
  • Şəhər;
  • Frederiksberq.

Şimal kampusda Sağlamlıq, Əczaçılıq elmləri, Dəqiq elmlər fakültələri, Biotexnologiya Tədqiqatları və İnnovasiyalar Mərkəzi, Cənub kampusda Humanitar elmlər fakültəsi, Şəhər kampusunda Hüquq, İctimai elmlər, İlahiyyat fakültələri, İnzibatçılıq Mərkəzi, Frederiksberq kampusunda isə Həyat elmləri fakültələri yerləşir.

Kopenhagen Universitetinin kampusları yaşıllığı və bitki örtüyünün rəngarəngliyi ilə seçilir. Universitetin məqsədi Avropanın ən yaşıl kampusu adına yiyələnməkdir. Bu təşəbbüsə tələbə və müəllimlər də cəlb olunur. Havaya zərərli qazların buraxılmasının aradan qaldırılması, enerji istifadəsinin azaldılması, ümumiyyətlə, təbiətin mühafizəsi ilə bağlı universitetdə xeyli işlər aparılır. Kopenhagenin mərkəzində universitetin Botanika bağı yerləşir. Bağ Danimarkanın bütün bitkilərinin kolleksiyasından ibarət canlı muzeydir. Həmçinin burada dünyanın ən böyük bitki və göbələk herbarisi toplanıb. Ali məktəbin kampusunda əvvəllər Kral Baytarlıq bağı adlandırılan, elmi tədqiqatlar üçün nəzərdə tutulmuş, əsrarəngiz gözəlliyə malik Həyat Elmləri bağı mövcuddur. Bütün bunlarla yanaşı, meşə təsərrüfatı təhsilinin inkişafı məqsədi ilə 1936-cı ildə Botanika bağına əlavə olaraq Kopenhagen şəhərindən kənarda dendari salınıb. Şəhərdən kənarda universitetə məxsus meyvə ağacları və kollarından ibarət Pometum, Eressunda dəniz suyu doldurulmuş və dənız canlıları saxlanılan akvarium var.

Fakültələri

Kopenhagen Universitetində 8 fakültə və 100-dən çox departament və tədqiqat mərkəzi var.

  • Sağlamlıq elmləri fakültəsi Tibbi-biologiya elmləri, Hüceyrə və molekulyar tibb, Nevrologiya və farmakologiya, Beynəlxalq səhiyyə, immunologiya və mikrobiologiya, Odontologiya, İctimai səhiyyə, Məhkəmə tibbi, Eksperimental tibb, ortopediya və daxili xəstəliklər, Daxili təbabət və cərrahiyyə, Nevrologiya, psixiatriya və sensor elmləri, Ginekologiya, mamalıq və pediatriya, Diaqnostika elmləri departamentləri, Novo Nordisk Metabolik Fundamental Tədqiqatlar, Novo Nordisk Protein Tədqiqatları, Vilhelm Yohansen Funksional Genom Tədqiqatları, Aritmiya Elmi Tədqiqat, Kopenhagen Əzələ, Epidemiologiya və Skrininq, İltihab və Metabolizm, Beyinin Kompleks Molekulyar Vizuallaşması, Ümumi Təcrübə-Tədqiqat mərkəzlərindən ibarətdir.
  • Həyat elmləri fakültəsi nəzdində Əsas heyvandarlıq və veterinar elmlər, Ərzaq elmləri, Fundamental elmlər, İnsan qidalanması, Kənd təsərrüfatı və ekologiya, Kiçik heyvanlar kliniki elmləri, Biologiya və bitkilərin biotexnologiyası, Böyük heyvanlar haqqında elmlər, Xəstəliklər biologiyası, Meşə və mənzərə departamentləri, Ərzaq və Resurs İqtisadiyyatı İnstitutu, Danimarka Heyvandarlıq, Perspektivli Ərzaq Tədqiqatları, Tətbiqi Bioinformatika, Kənd Təsərrüfatı Heyvanlarının Eksperimental Qidalanması və Fiziologiya, Bitkilərin Molekulyar Fiziologiyası, Dəqiq Kənd Təsərrüfatı, Sosial Təkamül, Bioetika və Riskin Qiymətləndirilməsi, İnformatika və Kənd Təsərrüfatı Elmləri, Biotex zavodu, Bağçılıq mərkəzləri fəaliyyət göstərir.
  • Əczaçılıq elmləri fakültəsinə Əczaçılıq və analitik kimya, Farmakologiya və farmakoterapiya, Tibbi kimya departamentləri, Narkotik Tədqiqatları Akademiyası aiddir.
  • Dəqiq elmlər fakültəsi nəzdində Biologiya (Qədim Genetikanın Öyrənilməsi, Bioinformatika, Müqayisəli Genomika, Həşəratların Müqayisəli və Funksional Genomikası, Geogenetika, Makroekologiya, Ekologiya və İqlim, Sosial Təkamül, Danimarka Arxeya, Əzələ Tədqiqatları mərkəzləri), Kimya (Atmosfer Tədqiqatları, Molekulyar Filmlər, Elmi Hesablama mərkəzləri), Kompüter elmləri, Bədən tərbiyəsi və idman (Kopenhagen Əzələ Tədqiqatları Mərkəzi), Coğrafiya və geologiya (Şəhər Strateji Tədqiqatlar, Hidrologiya Rəsədxanası, Yer Təkamülü Şimali, Karbon Mübadiləsi Ekosistemi Araşdırmaları və İqlim Sistemi ilə Qarşılıqlı Əlaqə Şimali mərkəzləri), Təhsil, Riyaziyyat elmləri departamentləri (Simmetriya və Deformasiya Mərkəzi), Nils Bor İnstitutu (Tünd Kosmologiya, Biofizika-BioNet, Elmi Hesablama, Elementar Hissəciklər Fizikası Fenomenologiyası Üstünlüyü, Energetika, Ətraf Mühit və Sağlamlıq, Buz və İqlim, Həyat Modeli, Molekulyar Filmlər, Təbiət Fəlsəfəsi və Dəqiq Elmlər, Kvant Optikası mərkəzləri), Danimarka Təbii Tarix Muzeyi (GeoGenetika, Makroekologiya, Ekologiya və İqlim, Ulduz və Planet Formalaşması, Arktik Stansiya, Qeqertarsuaq, Qərbi Qrenlandiya, Yer Təkamülü Şimali mərkəzləri), Yer Sistemi Elmi, Elm, NanoChalk, Kosmik Elmlər fənlərarası tədqiqat mərkəzləri fəaliyyət göstərir.
  • İctimai elmlər fakültəsinə Antropologiya, İqtisadiyyat, Siyasi elmlər, Psixologiya, Sosiologiya departamentləri, Asiya Tədqiqatları Şimali İnstitutu, Tətbiqi Mikroekonometrika, İqtisadi Siyasət Tədqiqatı, Avropa Siyasəti elmi mərkəzlər daxildir.
  • Humanitar fakültə nəzdində İncəsənət və mədəniyyət elmləri, Millətlərarası əlaqələr və regional tədqiqatlar (Cənubi Asiya Qlobal Tədqiqatlar, Yeni İslam İctimai Sferası mərkəzləri), İngilis, german və roman tədqiqatları (Dilin Paralel İstifadəsi və Beynəlmiləlləşdirmə, Transmilli Miqrasiya Tədqiqatları Proqramı, Latın Amerikası Tədqiqatları, Tərcüməçilik və Leksikoqrafiya, Kopenhagen Universiteti Tərcümə Mərkəzi, Amerika Transmilli Tədqiqatlar, Avstraliya Tədqiqatları mərkəzləri), Media, qavrama və kommunikasiya (Müasir Avropa Tədqiqatları, Subyektivlik Tədqiqatları, Bərabərlik və Çoxmədəniyyətliliyin Öyrənilməsi mərkəzləri), Skandinav tədqiqatları, Skandinav tədqiqatları və linqvistikası departamentləri (Avropanın Kökləri, Müasir Avropa Tədqiqatları, Dilin Paralel İstifadəsi və Beynəlmiləlləşdirmə, Gender Tədqiqatları, Danimarka Dilinin İkinci və Əcnəbi Dil Kimi Öyrənilməsi, Oxumaq üçün Tədqiqat mərkəzləri, Real Vaxt Rejimində Danimarka Milli Tədqiqat Fondu), SAXO institutu (Müasir Avropa Tədqiqatları, Aristotel Ənənələri, Orta Əsrlər Avropa Tədqiqatları, Mədəni Analiz, Sağlam Qocalma, Tekstil Tədqiqatları mərkəzləri), Dil Texnologiyaları Mərkəzi fəaliyyət göstərir.
  • Hüquq fakültəsi Müəssisə Məsuliyyəti, Avropa Konstitusiyalaşma, İnnovasiya və Hüquq İnformasiyası, Pensiya Qanunu, Hüquq Mədəniyyəti Elmləri, Hüquq Kompaniyası üçün Forum və Maliyyə Bazarı Hüququ, Avropa Birliyi Bazar İnteqrasiyasında Hüquq və Sosial Təminat, Dövlət Tənzimlənməsi və İdarəolunması mərkəzlərindən ibarətdir.
  • İlahiyyat fakültəsinə İncilin şərhi, Kilsə tarixi, Sistematik ilahiyyat departamentləri, Afrika Tədqiqatları, İncilin Öyrənilməsi, Orta Əsrlər Mərasimləri, Avropa İslam Düşüncəsi, Naturalizm və Xristian Semantikası, Seren Kyerkeqor Elmi Tədqiqat mərkəzləri aiddir.

Həmçinin Kopenhagen Universitetində fakültələrdən kənar BRİK-Biotek Tədqiqat və İnnovasiyalar, Epigenetika elmi mərkəzləri fəaliyyət göstərir.

Kitabxansı

Kopenhagen Universitetinin əsas kitabxansı Kopenhagen Universiteti Kitabxanasıdır. Bununla yanaşı, hər bir fakültə və departamentin şəxsi kitabxanası mövcuddur. Kopenhagen Universiteti kitabxana kolleksiyası Avropanın ən zəngin kolleksiyalarından biri hesab olunur.

İdarəetmə sistemi

Kopenhagen Universiteti müstəqil idarəetmə sisteminə malik dövlət universitetidir. Universitetin ali orqanı Universitet Şurasıdır. Universitet Şurası ölkənin Elm, Təhsil, Texnologiya və İnnovasiyalar Nazirliyi ilə birgə Fəaliyyət Sazişi imzalayıb. Saziş müəyyən bir vaxtı və bu vaxt ərzində universitetin inkişaf proqramını əhatə edir ("2005-ci il İnkişaf Sazişi", "2006-2008-ci illər İnkişaf Sazişi", "2008-2010-cu illər İnkişaf Sazişi"). Şura ali məktəbin ümumi maraqları və təhsil, tədqiqat məsələlərinə nəzarət edir. Universitetin rektor və prorektorları Şura, 8 fakültənin dekanları isə rektor və Şura tərəfindən təyin olunur. Fakültə və departamentlərin şəxsi administrasiyası fəaliyyət göstərir, lakin onlar da Şuraya tabedir.

Kontingent

2005-ci ildən Kopenhagen Universitetinin rektoru psixiatriya üzrə professor Ralf Hemminqsendir. O, universitetin tarixində 258-ci rektordur. Həmçinin o, tələbə və əməkdaşlar tərəfindən seçilən universitetin ilk rektorudur. Bu ali məktəbin prorektoru isə professor Tomas Bjornholmdur. Universitetdə ümumilikdə 8600 işçi çalışır. Əməkdaşların 4406 nəfərini akademik, 4194 nəfərini isə inzibati heyət təşkil edir.

2009-2010-cu tədris ilində Kopenhagen Universitetində 38010 nəfər tələbə təhsil alıb. Tələbələrin 21489 nəfərini bakalavrlar, 16521 nəfərini magistr və doktorantlar, 5484 nəfərini isə əcnəbi tələbələr təşkil edib.

İkinci Dünya müharibəsindən sonra Danimarkada güclü "beyin axını" prosesi müşahidə edilməyə başlanıb, ölkənin ən perspektiv şəxsləri işləmək üçün xarici ölkələrə, xüsusi ilə Amerikaya yollanıb. Danimarka hökuməti bu prosesin qarşısını almaq üçün bir çox tədbirlər həyata keçirir. Hər ixtisasa uyğun ölkəyə lazım olan qədər mütəxəssis hazırlanır və onlar yüksək maaşlı işlə təmin olunur. Orta və ali məktəblərdə tələbələrə Vətənə sadiqlik, sevgi hissləri aşılanır.

Kopenhagen Universiteti ilk öncə Danimarkanın maraqlarını qoruyan və xalqının rifahına xidmət edən dövlət ali təhsil ocağıdır. Universitetin məqsədi bütün sahələr üzrə yüksək səviyyədə ixtisaslaşmış mütəxəssislər hazırlamaqdır, bunun üçün də tələbələrə dünyanın əsas dillərində müxtəlif fənlər üzrə təhsil almaq imkanı yaradılıb.

Xarici əlaqələri

Universitet Beynəlxalq Tədqiqat Universitetləri Alyansına daxildir.[2]

Büdcəsi

2009-2010-cu tədris ilində Kopenhagen Universitetinin illik büdcəsi 7033684000 Danimarka kronu (DKK) təşkil edib.

Təhsil haqqı

Kopenhagen Universitetinə yerli abituriyentlər imtahansız, orta məktəbin buraxılış imtahanlarının nəticəsini təqdim edərək qəbul olunurlar. Universitetdə yerli və Avropa Birliyinə daxil olan ölkələri təmsil edən tələbələr ödənişsiz oxuyur. 2010-2011-ci tədris ilində Kopenhagen Universitetində əcnəbi tələbələrin təhsil haqqı İctimai elmlər fakültəsində bakalavr, magistratura və doktorantura pillələrində təhsil almalarından asılı olmayaraq ildə 10000 avro, Əczaçılıq elmləri fakültəsində ildə 14400 avro, Həyat elmləri fakültəsində ildə 7000 avro, Dəqiq elmlər fakültəsində ildə 13000-15300 avro təşkil edir. Təhsil haqqı tələbənin fakültədə qeydiyyata düşməsindən 1 ay əvvəl ödənilməlidir (əgər tələbə sentyabr ayının 1-dən qeydiyyata düşürsə, avqustun 1-dən, fevralın 1-dən qeydiyyata düşürsə, yanvarın 1-dən təhsil haqqını ödəməlidir).

Dünyanın digər universitetlərində olduğu kimi, Kopenhagen Universiteti də tələbələrə müxtəlif təqaüd və kreditlər təklif edir. Təqaüd və kredit almaq üçün tələbə avqust və fevral ayında universitetə yazılı ərizə ilə müraciət etməlidir. Götürdüyü krediti tələbə oxuduğu müddətdə tədricən və ya universiteti bitirib işə düzəldikdən sonra qaytarır. Əgər tələbə ali məktəbi bitirdikdən sonra sağlamlığı ilə əlaqədar və digər səbəblərə görə işləmək imkanını itirirsə, iş tapa bilmirsə, götürdüyü kredit ona bağışlanır.

Reytinqi

"Academic Ranking of World Universities"dəki yeri:[3]
2003[4] 2004[5] 2005[6] 2006[7] 2007[8] 2008[9] 2009[10] 2010[11] 2011[12] 2012[13] 2013[14] 2014[15] 2015[16]
65 59 57 56 46 45 43 40 43 44 42 39 35
"QS World University Rankings"dəki yeri:
2014/15[17] 2013/14[18] 2012/13[19] 2011/12[20] 2010/11[21]
46 45 51 52 45

Məşhur məzunları

Kopenhagen Universiteti çoxlu sayda məşhur məzunları ilə tanınır. Universitetin 9 nəfər Nobel mükafatı laureatı var. Onların arasında tanınmış alim, fizika üzrə Nobel mükafatı laureatı Nils Boru qeyd etmək olar. Bir çox Danimarka alimləri kimi Nils Bor da ölkədən kənarda fəaliyyət göstərib.

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

Həmçinin bax

Mənbə

İstinadlar

  1. 1 2 Global LEI index.
  2. Members Arxivləşdirilib 2012-05-06 at the Wayback Machine. iaruni.org  (ing.)
  3. "ARWU - University of Copenhagen". Shanghai Ranking Consultancy. 2014. 2016-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
  4. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  5. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  6. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  7. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  8. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  9. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  10. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  11. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  12. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  13. "Academic Ranking of World Universities 2012". 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  14. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  15. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  16. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  17. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  18. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  19. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  20. "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  21. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.

Xarici keçidlər