İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi | |
---|---|
("İçərişəhər" DTMQ İdarəsi) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 10 fevral 2005 |
Tabelik | Azərbaycan Respublikasının Prezidenti |
Ünvan | Bakı, Səbail rayonu, İçərişəhər, Böyük Qala küçəsi, 13. |
Rəhbərlik | |
İdarə Heyətinin sədri | Şahin Kamil oğlu Seyidzadə |
|
|
Rəsmi saytı | icherisheher.gov.az/az/c… |
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi — İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən qurum.[1] 2005-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncama əsasən yaradılmışdır.[2][3]
Tarixi
"İçərişəhər"[4] kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi[5] olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.[6]
Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır.[6] Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir.[7] XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır.[8] 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.
İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər.[9] Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.
1952–1957-ci illərdə İçərişəhərin qala divarları bərpa edilmişdir. 1977-ci ildə İçərişəhərə tarix-memarlıq qoruğu statusu verilmiş,[6],1985-ci ildə isə o Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahısınndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
Yaradılması
17 fevral 2003-cü ildə Prezident Heydər Əliyev "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalamışdır[10]. Sərəncamdan sonra burada tikinti işləri dayandırılmış və şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır. 10 fevral 2005-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam vermişdir.[11] Sərəncama əsasən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmışdır.
16 may 2007-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi təsdiq edildi. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunması idi.
17 dekabr 2009-cu ildə ""İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında" prezident sərəncamına əsasən, İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün vəsait ayrılmışdır.[12]
24 noyabr 2016-cı ildə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" publik hüquqi şəxs yaradılıb.[13]
7 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasında yaradılmış, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən tarix və memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxs olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti təmin edilib.[14]
Fəaliyyəti
İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyətli bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçəri Şəhərin qorunması, tədqiqi və təbliği ilə Qoruq İdarəsi məşğul olur.[15]
İdarənin fəaliyyəti müddətində ərazidə aparılan bütün işlər nəzarət altına alınmış — ilk növbədə abidə və tarixi binaların inventarizasiyası aparılmış, ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı mühüm işlər görülmüşdü və ən əsası – İçərişəhərin Baş Planının hazırlanması prosesinə start verilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən Bakının tarixi mərkəzinin memarlıq irsinin sistemli şəkildə konservasiyası və gələcək inkişafını beynəlxalq prinsiplərə müvafiq olaraq planlaşdırılmasının təmin edilməsi məqsədi ilə İçərişəhərin "Baş Plan"ı hazırlandı. 2009-cu ildə "Baş Plan" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqləndi.[16]
Görülən bu mühüm işlərin nəticəsi olaraq 2009-cu ildə Dünya İrs Komitəsinin 33-cü sessiyasında Komitəyə daxil olan 21 ölkənin təmsilçiləri yekdilliklə İçərişəhərin Təhlükədə olan Ümumdünya İrsi Siyahısından çıxarılmasına səs verdilər. Təbiidir ki, bu ölkə rəhbərliyinin İçərişəhərə, ümümilikdə — tariximizə, mədəniyyətimizə, onun qorunub saxlanılmasına daimi olaraq göstərilən diqqət və qayğının bariz nümunəsi, həmçinin, ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində İdarə tərəfindən qısa müddət ərzində gördüyü əməli tədbirlərin məntiqi nəticəsi idi.
İçərişəhərin mühafizəsi, bərpası, arxeoloji işlərin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu qurulması sahəsində əsaslı işlər görülür. 2011-ci ilin fevral ayında İçəri Şəhərdəki Asəf Zeynallı küçəsindəki 20 saylı bina təmir edilmiş, onun bünövrələri bərkidilmiş, yeni texnologiyaların köməyi ilə binanın fasadına tarixi görünüşü bərpa edilmişdir. Bina 1890-cı ildə inşa edilmişdi. Bərpa işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin " Bakı şəhərinin mərkəzinin konservasiyasına dair müfəssəl plan"a əsasən yerinə yetirilmişdir.[17]
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində bütün sahələrdə yüksək səmərəliliyə malik yeniliyin tətbiqinə çalılşırlar. İdarədə Coğrafi İnformasiya Sistemi vasitəsilə "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ərazisinin, arxeoloji abidələr və arxeoloji qazıntı yerləri üzrə rəqəmli elektron xəritə tərtib olunub. Yaradılmış elektron xəritə və məlumat bankının köməyi ilə müxtəlif tarixi dövrlər üzrə şəhərin dəyişən planının izlənməsi və tədqiq edilməsi mümkündür.
Bu gün qanunvericiliyə əsasən İçərişəhər" və "Qala" Qoruqlarında təmir, bərpa və yenidənqurma işləri yalnız "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə aparıla bilər. Qoruqların ərazisinin abadlaşdırılması, sanitar təmizliyi, abidələrin, yaşayış və qeyri-yaşayış sahələrinin təmiri məsələləri İdarənin diqqət mərkəzindədir. Mühəndis-kommunikasiya xətlərinin və yol örtüyünün əsaslı təmiri istiqamətində işlər isə mütəmadi olaraq aparılır.
Memarlıq abidələri üzərində aparılan bərpa işləri Avropanın aparıcı bərpa şirkətləri ilə birlikdə həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Məhəmməd Məscidi, "Qız Qalası"[18][19][20] və Şirvanşahlar Sarayı kompleksində[21] irimiqyaslı bərpa-konservasiya işləri aparılıb. Konservasiya işlərinə rəhbərliyi Avstriyanın məşhur bərpaçı-mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni bərpa etmiş Erix Pummer edib. Bərpa işləri beynəlxalq standartlara cavab verən ən müasir texnologiyalar ilə həyata keçirilib.
İçərişəhər əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkandır. İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Bunu gələcək nəsillərə ötürmək üçün hər il kütləvi tədbirlər keçirilir, o cümlədən "Qız Qalası" Festivalı, Beynəlxalq İncəsənət Festivalı, Meydan Bazarı, "Beynəlxalq Novruz Bayramı Festivalı", "Eurovillage — Avropa şəhərciyi" Beynəlxalq Festivalı, "İçərişəhərdə incəsənətə həsr olunmuş həftəsonları" layihəsi, sərgilər və sair.
Layihələr
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fəaliyyəti çərçivəsində müxtəlif layihələr həyata keçirir:
- Bərpa-Konservasiya işləri
İdarə İçərişəhər ərazisində olan tarixi memarlıq və mədəni abidələrin bərpa prosesini həyata keçirir. Son illər ərzində onlarla tarixi əhəmiyyətli tikili bərpa edilmişdir. Bunların içərisində Qoşa Qala qapılarında, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən tikililərin, Zəncirli bina, Yer altı hamam, Bakı xanları parkı, "Bakı xanlarının evi" kompleksi, Apxeoloji park, Kiçik Karvansaray, Məktəb-məscid, Cümə məscidi, Bəylər məscidində bərpa-konservasiya işləri aparılmışdır.[22]
- Mədəni-Kütləvi layihələr
İdarənin layihələri içərisində mədəni işlər xüsusi yer tutur. Bu növ layihələr müxtəlif təyinatlıdır. Bunlardan biri "İçərişəhər Urban Art" layihəsi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birbaşa dəstəyi ilə həyata keçirilmiş, Bakının tarixi mərkəzində təqribən 2 ay davam edən iş prosesi uğurla başa çatdırılmışdır. Respublika Foto müsabiqəsi "Bakı Foto" da maraqlı mədəni tədbirlərdən olmuşdur. İdarə şəhər həyatı ilə yanaşı Qarabağ probleminə aid də mədəni-kütləvi tədbirlərə imza atmışdır. Belə ki, "Xocalı — Gözlərdə donan tarix" adlı sərgi bu qəbildəndir. Sərgidə Xocalı faciəsinin 55 nəfər şahidinin həyat hekayəsi sənədləşdirilmiş, fotoları çəkilmişdir. Video və audio müsahibələr əsasında hazırlanmış "Xocalı — Gözlərdə donan tarix" adlı sərgi 23–26 fevral 2017-ci il tarixində İçərişəhərdə açıq səma altında Qoşa qala meydanında nümayiş olunmuşdur.[23]
- Sosial layihələr
Qoruğu İdarəsinin sosial layihələrindən biri açıq səma altında "kiçik kitabxana" təşkil etməsidir. Kitabxanada xüsusən İçərişəhərin poetik görkəminə uyğun lirik məzmunlu kitablar vardır. Tarixi məkanın abu-havası ilə bürünən bu kiçik parkda skamyalar, xoş mənzərə, sakit, səssiz mühit kitab oxumaq üçün ideal məkanı sizə təqdim edir. Kitab şkafları İçərişəhərin mərkəzi hissəsində, Arxeoloji parkda, Ə. Əzimzadənin büstündən bir neçə addım aralıda yerləşdirilib. Kitab şkaflarının ayrılmaz hissəsinə çevrildiyi Arxeoloji park isə İçərişəhərin görməli məkanlarından birini təşkil edir.[24]
17 iyun 2017-ci il tarixində İçərişəhərdə "taktil" layihəsi təqdim olunub. Bu gözdən əlil şəxslər üçün İçərişəhər maketidir. Ətraf mühiti barmaqlarının ucları ilə duyan, dərk edən insanlar artıq İçərişəhərin necə göründüyünü təsəvvür edə biləcək və onun ərazisində yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı, məscidlər, karvansaralar və digər görməli yerləri, hətta qədim şəhərin dar küçələrinin görünüşünü hiss edəcəklər. Unikal maket-xəritə alman memar Eqbert Broerken tərəfindən tərtib olunmuşdur. 3D-prototipləşdirmə texnologiyasının köməyilə gözdən əlil insanlar üçün qabarıq səthdə Bakının qədim hissəsinin bütün yaşayış binaları və memarlıq abidələri əks olunub. Yazılarında gözdən əlil insanlar üçün yaradılmış Brayl şriftindən istifadə olunan maket Qız Qalasının yanında quraşdırılmışdır.[25]
Konfranslar
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən il ərzində müxtəlif səpgili elmi-praktik konfranslar təşkil olunur.[26] Bunların arasında "20 Yanvar faciəsi və Azərbaycan gəncliyi", Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 illiyi münasibətilə "Şərqdə ilk Demokratik Respublika", "Azərbaycan paytaxtları", "31 mart azərbaycanlıların soyqırımı", "Şirvanşahlar sarayı: tarixi həqiqətlər, mülahizələr", "İçərişəhər tarixdə — tarix İçərişəhərdə", "Sara Balabəy qızı Aşurbəylinin anadan olmasının 100 illiyi"nə həsr olunmuş, "Məşədixanım Nemətin elmi fəaliyyəti"nə həsr olunmuş, ICMAH-ın (Arxeologiya və Tarix Kolleksiyalarının və Muzeylərinin Beynəlxalq Komitəsi) "Muzeylər, kolleksiyalar və sənaye irsi" adlı illik konfransı və digər elmi-praktik konfransları misal göstərmək olar.[26]
Arxeoloji qazıntılar
İçərişəhər ərazisində mütəmadi olaraq arxeoliji qazıntılar da aparılır.[27] "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix-mədəniyyət abidələrini öyrənir, mədəni irsimizi tədqiq və təbliğ edir, onları konservasiya edərək gələcək nəsillərə ərməğan etməklə yanaşı həmçinin bərabar olaraq turizm sektorunu da inkişaf etdirir. Qoruq İdarəsi mühafizə rejiminə riayət etməklə, ərazidə rekreasiya zonasını müəyyən edir, həmçinin təbii landşaftların salınması ilə əlaqədar görülən rekonstruksiya və torpaq-qazıntı işləri zamanı bu ərazidə paralel olaraq arxeoloji xilasetmə işləri də aparır. Qoşa Qala qapıları yaxınlığında aparılmış abadlıq və arxeoloji kəşfiyyat işləri zamanı isə son orta əsrlərə aid edilən Yeraltı hamamın qalıqları aşkar edilmişdir. Zaman keçdikcə qalınlaşan torpaq qatı artaraq onun üzərini tam olaraq örtmüşdür. 2016-cı ildə arxeoloji qazıntılar zamanı hamamın qalıqları aşkara çıxmışdır. Alimlərin fikrincə o dövrdə Bakıda sanitariya və gigiyena qaydalarına ciddi şəkildə əməl edən gömrük hamamları fəaliyyət göstərmişdir. Çox güman ki, bu hamam da Bakı gömrüyünə xidmət edirmişdir. Hazırda abidədə bərpa və konservasiya işləri aparılır.[28] İdarə ərazində son illərdə aparılan arxeoloji qazıntı işlərinə Qız qalasının ətrafındakı məscid və ibadət yeri,[29] şimal qala divarlarının daxili hissəsində yerləşən və zamanında döyüşçülərin rahat hərəkəti üçün nəzərdə tutulmuş və Qoşa qala qapılarınadək uzanan XII əsrə aid yeraltı yol,[30] Sıratağlı dini-memarlıq kompleksi,[31] provaslav kilsə və tikinti qalıqları,[32] su quyusu cə kəhriz sisteminin qalıqları,[33] Qız qalasının ətrafında olan "üç din məbədi"[34] göstərmək olar.
Strukturu
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müxtəlif profilli struktur idarəetməsinə malikdir:
- "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).
- "İçərişəhər" Muzey Mərkəzi.
- Mənzil-kommunal və təmir xidməti.
- Elmi-istehsalat bərpa emalatxanası.
- Elmi-mədəni mərkəz.
- Marionet Teatrı.[36]
- Tahir Salahovun ev-muzeyi.[37]
- Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.[38]
- İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi.
İdarənin rəisləri
- 03.03.2022 — Şahin Kamil oğlu Seyidzadə
- 12.05.2016–03.03.2022 — Əsgər Əyyub oğlu Ələkbərov[39]
- 24.05.2013–12.04.2016 — Samir Rafiq oğlu Nuriyev
- 06.03.2009–16.04.2013 — Mikayıl Çingiz oğlu Cabbarov
Beynəlxalq əlaqələr
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin geniş şaxəli beynəlxalq əlaqələri vardır. İdarə bir çox mühüm beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir və onlarda iştirak edir. Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət üzrə təşkilatı — YUNESKO idarə ilə sıx əlaqələrə malikdir.[40] Bunda əlavə "İçərişəhər" DTMQ İdarəsi 2016-cı ildən Avropa Muzey Təşkilatları Şəbəkəsinin üzvüdür. İçərişəhər 2016-cı ildən OWHC-yə də üzvdür. Qeyd edək ki, Dünya İrsi Şəhərləri Təşkilatı (OWHC) YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olan yerlərin yerləşdiyi 250 şəhərdən ibarət beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır.[41] İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırma Mərkəzi (IRCICA), elm, texnologiya və tibb tarixi ilə əlaqədar araşdırma aparan qeyri- kommersiya təşkilatıdır.[42] 26 noyabr 2018-ci il tarixində təşkilat ilə "İçərişəhər" DTMQ İdarəsi arasında əməkaşlığa dair müqavilənin təntənəli imzalanma mərasimi keçirilmişdir.[42]
İstinadlar
- ↑ ""İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin NİZAMNAMƏSİ". 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
- ↑ "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (10 fevral 2005-ci il)". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.
- ↑ Е. И. Тамм. Энциклопедия туриста. — Большая Российская энциклопедия, 1993. — С. 174. — 607 с.
- ↑ Леонид Семенович Бретаницкий. Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока / Главная редакция восточной литературы. — Наука, 1966.. — С. 401. — 556 с.
- ↑ 1 2 3 Тимур Ханагаоглы. Какие новинки ждут нас в Ичери Шехер? Arxivləşdirilib 2011-10-20 at the Wayback Machine // газета : Неделя. — 4 августа 2011.
- ↑ Сара Ашурбейли. Государство Ширваншахов / Главная редакция восточной литературы. — Элм, 1983.. — С. 111. — 341 с.
- ↑ Л. С. Бретеницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV–XVIII веков. — М., 1976. Стр. 64.
- ↑ "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". UNESCO rəsmi saytı. 2000. 2012-03-22 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (17 fevral 2003-cü il)". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (10 fevral 2005-ci il)". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.
- ↑ Австрийские и немецкие специалисты реставрируют бакинскую мечеть, day.az, 30 июня 2010, İstifadə tarixi: 22 iyun 2015
- ↑ "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
- ↑ ""İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında". 2018-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
- ↑ Заповедник "Ичеришехер" подготовил необычные турпрограммы для гостей "Евровидения 2012" Arxivləşdirilib 2022-07-20 at the Wayback Machine, day.az, 21 мая 2012, İstifadə tarixi: 22 iyun 2015
- ↑ İçərişəhərin konservasiyası üzrə Baş Plan təsdiq edilmişdir
- ↑ В Ичери шэхэр восстановлено историческое здание 1890 года Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine, day.az, 8 февраля 2011, İstifadə tarixi: 22 iyun 2015
- ↑ "Decision – 27COM 7B.59 – Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower (Azerbaijan)". Unesco.org. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "Decision – 28COM 15A.29". Unesco.org. 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "Decides to retain the Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower (Azerbaijan) on the List of World Heritage in Danger". Unesco.org. 2015-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ ""ŞIRVANŞAHLAR SARAYI KOMPLEKSI" DÖVLƏT TARIX-MEMARLIQ QORUQ-MUZEYI". 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "HƏYATA KEÇİRİLMİŞ LAYİHƏLƏR". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ ""XOCALI — GÖZLƏRDƏ DONAN TARİX" ADLI SƏRGİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "İCTİMAİ KİTAB ŞKAFI". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "GÖZDƏN ƏLİLLƏR ÜÇÜN İÇƏRİŞƏHƏR MAKETİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ 1 2 "KONFRANSLAR". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "ARXEOLOJİ QAZINTILAR". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "YERALTI HAMAMLAR". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "MƏSCİD VƏ İBADƏT YERİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "YERALTI YOLLAR". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "SIRATAĞLI DİNİ-MEMARLIQ KOMPLEKSİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "KİLSƏ VƏ TİKİNTİ QALIQLARI". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "SU QUYUSU VƏ KƏHRİZ SİSTEMİNİN QALIQLARI". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ ""ÜÇ DİN" MƏBƏDİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "About Marionette Theatre". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "Opening Marionette Theatre". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ ""Tahir Salahovun ev–muzeyi" İçərişəhərin bir tərkib hissəsinə çevrilib". 2018-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "Arxivlənmiş surət". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "Ə. Ə. Ələkbərovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
- ↑ "YUNESKO". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ "DÜNYA İRSİ ŞƏHƏRLƏRİ TƏŞKİLATI (OWHC)". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
- ↑ 1 2 "IRCICA". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
Xarici keçidlər
- İntiqam Babayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edilib
- "İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNİN APARAT RƏHBƏRİ READ QASIMOV AZƏRBAYCAN TELEVİZİYASININ "TELESƏHƏR" PROQRAMINDA BAKI XANLARININ EVİNDƏ HƏYATA KEÇİRİLMİŞ BƏRPA-KONSERVASİYA İŞLƏRİ VƏ ƏTRAFINDA YENİ PARKIN SALINMASI LAYİHƏSİ BARƏDƏ ƏTRAFLI MƏLUMAT VERİB