Tayqa
Tayqa — Yerin təbii zonası.[1]. Avrasiya və Şimali Amerikanın şimalında yayılmış iynəyarpaqlı meşə zolağıdır.
Bitki örtüyü
Ərazidə üstünlük təşkil edən bitki tipi tayqa mamırlı, mamırlı-kolluqlu və otlu-kolluqlu meşələrdir ki, cənubda onları yarpaqlı və enliyarpaq meşələr əvəz edir. Burada subasar çəmənliklərdə və ağacların altında çəmən ot bitkiləri də geniş yayılmışdır. Böyük sahələr, xüsusən də Qərbi Sibirdə bataqlıq assosiasiyaları ilə örtülmüşdür.
Zonanın Avropa və Qərbi Sibir hissəsi iqlim şəraitinə, bitki və torpaq örtüyünə görə şimaldan cənuba üç yarım zonaya bölünür: şimali, orta və cənubi tayqa. Bu yarımzonalarda tünd iynəyarpaq meşələr hakimdir.
Burada əsas meşəəmələgətirən ağaclar küknar, şam, ağ şam və sidrdir.
Şimali tayqa yarımzonası tozağacı, titrək qovaq, qara şam qarışıqlı seyrək küknar meşələri ilə örtülmüşdür.
Qərb rayonlarında yüngül qranulometrik tərkibli süxurlar üzərində şam meşələri üstünlük təşkil edir. Şimal tayqasında meşə örtüyü altında subartika bataqlıq-kolluq, mamır və şibyə bitkilərindən ibarət aşağı yarus inkişaf etmişdir. Burada ot bitkiləri inkişaf etməmişdir. Torpaq örtüyü qleyli podzollu və podzol illüvial –humuslu torpaqlardan ibarət yarımzona əmələ gətirir.
Orta tayqa yarımzonası tünd iynəyarpaqlı küknar meşələrindən ibarətdir. Meşə örtüyü altında, aşağı yarusda başdan-başa mamır örtüyü əmələ gəlmişdir. Burada ot bitkiləri yoxdur. Qırılmış və yandırılmış meşələrin yerində şam, tozağacı, titrək qovaq qarışığından ibarət meşələr əmələ gəlmişdir. Torpaq örtüyü podzollu torpaqlardan ibarət yarımzona əmələ gətirir.
Cənubi tayqa yarımzonası - Avropa hissəsində enliyarpaq ağac (palıd, göyrüş, ağcaqayın, cökə) qarışıqlığından ibarət tünd iynəyarpaq və enliyarpaq-tünd iynəyrapaq meşələrlə və Qərbi Sibirdə - yarpaqlı (toz ağacı, titrək qovaq) meşələrlə təmsil olunmuşdur. Bu meşələrin örtüyü altında ot bitkiləri yaxşı inkişaf etmişdir. Torpaq örtüyü çimli-podzollu torpaqlardan ibarət yarımzona əmələ gətirir. Zonanın torpaqəmələgəlmə şəraiti və torpaq örtüyü həm şimaldan cənuba, həm də qərbdən şərqə dəyişir. Bu dəyişikliklər yarımzona və fatsiyalar ayrılarkən nəzərə alınır. Tayqa-meşə zonasında aşağıdakı fatsiyalar ayrılmışdır: isti (Qərbi və cənubi Avropa); mülayim (Şərqi Avropa); soyuq (qərbi və orta Sibir); uzun müddət donan (Şərqi Sibir və Uzaq Şərq); soyuq rütubətli (Sakit Okean) – Kamçatka, Saxalin.
Faunası
Sığın, ayı, samur kimi soyuğadavamlı heyvanlar yaşayır.
İqlim
Tayqa meşələri əsasən mülayim qurşağın şimal sərhədlərində yayılır. Buna görə də burada hava daim soyuqdur. Buraya yağıntı düşsə də torpağın üzərindəki ölü örtük - meşə döşənəyi torpağın rütubəti almasına icazə vermir. Buna görə də burada yanlız iynəyarpaqlı ağaclar bitir. Tayqa zonasının iqlim şəraiti Avrasiya materikində nəinki şimaldan cənuba, həm də qərbdən şərqə doğru dəyişir. Şərqi Sibir kəskin kontinental, Uzaq Şərq isə musson tiplidir. Orta illik temperatur Avropa hissəsində +4°C-dən Şərqi Sibirdə -7-16°C və Uzaq Şərqdə +7,5°C arasında tərəddüd edir. Yağıntıların miqdarı qərbdən şərqə və şimaldan cənuba doğru dəyişir. Korelya tayqalarında illik yağıntıların miqdarı 500 mm-ə yaxındırsa, onunla eyni enlikdə olan Yeniseydə yağıntıların illik miqdarı 150-200 mm-ə qədər azalır. Tayqanın çoxillik donuşluq inkişaf etmişdir. Yayda qrunt 50-100 am (qumluqda 250 sm-ə qədər) dondan azad olur.
Torpaq
Tayqa meşələrində torpaq çox da münbit deyil. Burada podzol torpaqlar yayılıb.Tayqa-meşə zonasının təbii şəraitinin müxtəlifliyi bir sıra torpaqəmələgəlmə proseslərinin inkişafını şərtləndirmişdir ki, nəticədə müxtəlif xassə və əlamətlərə malik torpaqlar formalaşmışdır. Zonanın torpaq örtüyünü yaradan əsas proseslər - podzollaşma, çimləşmə və bataqlaşmadır; onların hər biri sərbəst (az və ya çox dərəcədə təmiz halda) və ya bir yerdə baş verə bilər. Şərqi Sibirdə torpaqlar donuşluq proseslərinin təsiri altında formalaşır.
Beləliklə, yuxarıda adı çəkilən proseslərin özünü göstərməsindən, onların birgə baş verməsindən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq zonanın torpaq örtüyünün mürəkkəb tərkibi formalaşmışdır.
Relyef
Zonanın Avropa hissəsi Rusiya düzənliyi ərazisində yerləşmişdir. Lakin burada da buzlaqların təsiri altında yaranmış həm yüksəkliklərə, həm də düzən sahələrə təsadüf olunur. Ən iri yüksəkliklərə Litva-Belarus, Valday, Smolensk-Klin-Dmitrov, Şimal uvalları, Timan təpəliyi aid edilir. Bu yüksəkliklərin mütləq hündürlüyü 290-460 m arasında tərəddüd edir ki, onların bəziləri arasında göllər və bataqlaşmış sahələr yerləşmişdir. Ərazinin relyefi çay dərələri, yarğanlar vasitəsilə güclü parçalanmışdır. Ona görə də bu zonanın ərazisi təpəli- dalğavari relyeflə səciyyələnir. Zonanın Qərbi Sibir hissəsi Qərbi Sibir ovalığı hüdudlarında yerləşmişdir. Bura geniş zəif drenlənmiş ovalıq kimi səciyyələnir.
Yenisey çayından şərqdə Orta Sibir yaylası, Mərkəzi Yakutiya düzənliyi və çox mürəkkəb dağ sistemlərindən ibarət geniş Şərqi Sibir və Uzaq Şərq ərazisi yerləşmişdir.
Tayqa-meşə landşaftının torpaqları
Tayqa-meşə landşaftı Avrasiya və Şimali Amerika materiklərinin şimal hissələrini əhatə edir və bareal, subbareal iqlim vilayətləri daxilində formalaşmışdır[2]. Şimalda o meşətundra, cənubda materikdaxili bölgədə 57-58° am endə meşə-çöl, okean sahili bölgədə isə enliyarpaq v\ qarışıq meşələr ilə birlikdə subbareal qurşaqla sərhədlənir. Rusiya Federasiyası ərazisində bu meşəlr geniş sahəni əhatə etməklə, Avropa, Qərbi Sibir, Şərqi Sibir və Uzaq Şərq regionlarını tutur. Şimali Amerikada bu qurşaq 38° şimal enliyinə qədər çatır. Bareal qurşaq 30° şimal enliyinə qədər ərazini əhatə edirsə, subbareal qurşaq isə 38° şm.en-ə qədər uzanır.
Xarici keçidlər
Həmçinin bax
İstinadlar
- ↑ "Taiga biological station: FAQ". Wilds.mb.ca. İstifadə tarixi: 2011-02-21.
- ↑ İ.Ə.Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı 2014. 235 s