Aşıq Ələsgər

Azərbaycanın ustad aşığı

Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821[1][2], Ağkilsə7 mart 1926[3][1][…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycan türkü olan aşıq.

Aşıq Ələsgər
Ələsgər Alməmməd oğlu
Aşıq Ələsgər (rəssam Nailə Ələsgərova)
Aşıq Ələsgər (rəssam Nailə Ələsgərova)
Doğum tarixi təq. 22 mart 1821(1821-03-22)[1][2]
Doğum yeri
Vəfat tarixi 7 mart 1926(1926-03-07)[3][1][…] (104 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Azərbaycan türkü
Uşaqları
Atası Şair Alməmməd
Fəaliyyəti şair, aşıq, Trubadurlar
Janr Folklor
dede-alesker.com
Vikimənbənin loqosu Aşıq Ələsgər Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.

Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı.

Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.

Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10–12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona "pullu Məhərrəm" deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıqyeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.

Yaradıcılığı

redaktə
 
Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndindəki məzarı.

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.

O bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdir.

Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə büruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Səməd Vurğun öz çıxışlarının birində belə demişdir:

"Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm".[4]

Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir.

Ələsgər xümsünən zəkatın verə
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətlə bu sevdalı gərəkdi

Deyən Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər vermişdir. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevib sevilmiş və el ağsaqqalına çevrilmişdir.

Ustad sənətkar

redaktə

O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. Səhnəbanıdan ayrılandan sonra isə ilhamı daha da coşub-çağlamış, çalıb-oxumağa, söz deməyə meyli çoxalmışdır. Bu zaman atası onu qızılvəngli Aşıq Alının yanına aparmış, Ələsgər Alının şəyirdi olmuşdur.

Bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişmiş və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtirəmını bu sözlərlə ifadə etmişdir:

Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar

Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış, Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağrılmış, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur.

Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilmişdi. Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyarmış. Başını təmiz qırxdırıb saqqal saxlarmış. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyarmış.

Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirmiş, ustad bir sənətkar kimi məşhurlaşmışdır. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşmış, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salmış, saz tutub söz deməyi öyrətmişdir. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşmışlar. Ustad özü şerlərinin birində çoxlu şəyirdlər yetişdirməsini xatırlayaraq iftixarla deyirdi:

Adım Ələsgərdi, mərdi-mərdana,
On iki şəyirdim işlər hər yana.

Azərbaycanın müxtəlif bölgələrində toylara aşıq kimi də dəvət olunmuşdur.

Həyat fəaliyyəti

redaktə
 
Aşıq Ələsgər Azərbaycan poçt markası üzərində (1998)
 
Aşıq Ələsgər Azərbaycan poçt markası üzərində (2024)

İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl bir ailə başçısı olmuş, həmişə uşaqlarının maddi-iqtisadi qayğılarını çəkmişdir. Övladlarının nazı ilə oynayan aşıq, eyni zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərmişdir.

Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İrandaDağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi yamanlamış, ona lənətlər yağdırmışdır.

Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neḉə bədbəxt hadisə baş verir. 1910, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür. Bu hadisədən möhkəm təsirlənən aşıq:

Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostənımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi-
bəndi ilə başlanan qoşmasını yazmışdır.

1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.

1918–1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.

Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:

Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya almış və nəşr etmişlər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir[5].

Şəcərəsi

redaktə
  • Heydər.
    • Əbdüləzim.
      • Təhməz.

Kitabları

redaktə
  • Aşıq Ələsgər. (toplayıb tərtib edəni İ. Ələsgər). I kitab, Bakı, Elm, 1972, 326 s.
  • Aşıq Ələsgər. (toplayıb tərtib edəni İ. Ələsgər). II kitab, Bakı, Elm, 1972, 327 s.
  • Aşıq Ələsgər. (Əsərlıəri, dastan – rəvayətlər, xatirələr) (toplayıb tərtib edəni İ. Ələsgər).. Bakı: Şərq-Qərb, 1999, 578 s.
  • "Aşıq Ələsgər-150". Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. — səh. 318–327.
  • Aşıq Ələsgər. Bakı, "Elm və təhsil", 2012. 280 səh. (Tərtib edəni və nəşrə hazırlayanı: Musa Nəbioğlu)[6]
  • "Sözün işığı". (gürcü dilində) Tbilisi, 2021

Xatirəsi

redaktə
  • 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin Sovet İttifaqı miqyasında 150 illik yubileyi qeyd edilmişdir və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır.[7]

İstinadlar

redaktə
  1. 1 2 3 4 Ashyg Ălăsġăr // Faceted Application of Subject Terminology.
  2. 1 2 Ašyg Äläsķär // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  3. 1 2 Ашуг Алескер // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. "Təranə Vahid, "Aşıq Ələsgər möcüzəsi", medeniyyet.az saytı". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-07.
  5. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  6. "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №3(10)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. Archived from the original on 2023-07-01. İstifadə tarixi: 2017-07-02.
  7. "İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-10-01.
  8. https://axar.az/news/toplum/902718.html (#bare_url_missing_title).
  9. "Prezident və oğlu Bakıda abidə açılışında... - Foto". Axar.Az (az.). 2024-09-30. İstifadə tarixi: 2024-09-30.

Mənbə

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə