Geyşa
Geyşa sözünün hərfi mənası – "incəsənət adamı" deməkdir.
Geyşalar – milli güllü kimono geymiş, sifəti xüsusi bir formada makeyaj olunmuş qadınlara deyilir. Onların sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir.
Geyşaların peşəsi xüsusi çay evlərində (o-tyaya) qonaqları şirin söhbətlərə cəlb etmək, müsiqi alətlərində (siyamisen və koto mus. alətləri) ifa edərək qonaqları əyləndirmək və onlara xüsusi bir ədalarla yemək-içmək paylamaqdan ibarət olmuşdur. Bu cür tədbirlər (banketlər) o-dzasiki adlanırdı ki, bu tədbirlərə, əsasən, yüksək rütbəli xarici qonaqları dəvət edirdilər. Bir çox hallarda isə, bu cür banketləri təşkil edərək, xarici prezidentləri, monarxları və s. çox yüksək statuslu xariciləri dəvət edib onlara qədim Yaponiyanın ənənələrini göstərirdilər. Bu cür banketlər, əsasən, tatami üzərində təşkil edilirdi. Elə "o-dzasiki" sözünün də mənası "tatamili otaq" deməkdir.
Çay evlərində, otellərdə, restoranlarda təşkil edilən belə banketlərdə geyşalar qonaqları (həm kişi, həm qadın) müxtəlif formalarda əyləndirir, onlara xüsusi ədalarla, naz-qəmzələrlə qulluq göstərirdilər. Bir sözlə, banketləri geyşalar idarə edirdilər. Əsl geyşa banketdəki bütün qonaqları ələ almalı, qonaqların diqqətini tam özünə cəlb etməli idi.
Geyşa mədəniyyətinin mərkəzi ilk olaraq Kioto, Osaka və Tokio şəhərləri olmuşdur. Bu şəhərlərdə ilk dəfə geyşalar XVII əsrdə peyda olmuşlar. İlk öncə geyşa vəzifəsini aktyor, musiqiçi kişilər yerinə yetirirdilər. Bu aktyor-müsiqiçi kişilər "Kabuki" teatrının ışçiləri idi. Amma sonralar bu işi ancaq qadınlar yerinə yetirdilər. İndiyədək də “Kabuki” teatrının aktyorları geyşalarla əlaqəni kəsməmişlər.
İlk qadın geyşa Kasen olmuşdur. O, 1761-çi ildən geyşalığa başlamışdır. Həmin dörlərdə iki növ geyşalar vardı. Bəziləri qonaqları əyləndirərək onlara qulluq edənlər ("siro-geysya" – "ağ geyşalar") idi. Bəzilər isə bədənlərini də ("korosi-geysya" – "qara geyşalar") sata bilərdilər.
1779-ci ildə geyşalar üçün xüsusi qaydalar tətbiq olunmağa başlandı. Belə ki, ağ geyşaların aparıcı olduğu banketlərdə qara geyşaların olması qəti qadağan idi. Çünki ağ geyşaların qulluq etdiyi banketlərin qonağı mötəbər xarici nümayəndələr olurdu ki, həmin yerlərdə qara geyşaların olmasına qəti qadağa qoyulmuşdu. Hətta qara geyşalara ənənəvi kimona geyməyə və saçında "Geyşa" nişanı (o dövrlər "kandzası" keçənlərə, yəni geyşa yanında xüsusi kurs keçənlərə "Geyşa" nişanı verirdilər və geyşalar həmin nişanı saçlarına taxırdılar) gəzdirməyə belə icazə verilmirdi. Elə həmin dövrlərdə də qanunu pozanlar az deyildi. Geyşaların əksəriyyəti gizli olaraq ikili qeydiyyat istifadə edirdilər, yəni hər iki geyşa kimi qeydiyyatda olurdular. Belə halların isə tam qarşısını almaq mümkünsüz idi.
Ta qədimdən müasir dövrlərədək geyşalığın tamamilə qadağası mümkün olmamışdır. Çünki bu peşənin kökü Yaponiyada çox dərin iz salmış bir ənənəyə çevrilmişdi. Hətta 1957-ci ildə Yaponiyada əxlaq pozğunluğu qəti qadağan olunanda belə, bu qadağaların geyşalara heç bir aidiyyatı olmamışdır.
Geyşalığın "qızıl əsri", çiçəklənən dövrü XIX əsrin 50-60-ci illəri olmuşdur. Həmin dövrlərdə geyşalar, sözün əsl mənasında ulduzlara çevrilmişlər. Hətta şairlər və rəssamlar geyşaları özlərinin "ilham pərisi" hesab edirdilər.
Geyşa peşəsini müxtəlif vaxtlarda, müxtəlif çərçivələrə salsalar da müasir dövrədək bu peşə öz populyarlığını itirməmişdir və qeyd edək ki, geyşaların sayı çox azdır. Müqayisə üçün deyək ki, əgər 1920-ci illərdə Yaponiyada geyşaların sayı 80 min idisə, indi bu rəqəm 1000 nəfəri keçmir. Hazırda Kioto və Tokio şəhərlərinin hər birində 300 nəfərədək geyşa fəaliyyət göstərir. Qalan 400 nəfərə yaxını isə bütün Yaponiya ərazisinə səpələnmişdir. Əslində isə bunların da hamısı peşəkar qeyşalar deyildir. Bunların əksəriyyəti rəssamlar üçün poza verən qadınlar və həvəskar turistlərdir.